
Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal pley-off seriyalarının ilk oyunlarında “Sabah” “Şəki” klubuna 86-73 hesabı, “Neftçi” isə “Abşeron” klubuna 97-93 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, yarımfinal pley-off seriyasının cavab oyunları sabah – 29 aprel tarixində baş tutacaq.
Məlumat üçün bildirək ki, Azərbaycanın Basketbol Federasiyası (ABF) 1992-ci ildən fəaliyyət göstərsə də Azərbaycan Basketbol Liqasında mübarizə aparan klublarda əcnəbi məşqçilərin və əcnəbi oyunçuların sayı yerli məşqçi və oyunçuların sayından çoxdur.
Bu mövsum Basketbol Liqasında ümumilkdə 12 komanda mübarizə aparıb. 12 komandada ümumilkdə 21 məşqçi olub və onların yalnız 7-si azərbaycanlıdır. Klublarda 11 baş məşqçi (“Neftçi” klubunda baş məşqçi yoxdur) olub və onların da cəmi 3-ü azərbaycanlı olub. Baş məşqçilərin 5-i Türkiyə, 3-ü isə İspaniya, Belarus və Litva vətəndaşlarıdır. 10 nəfər köməkçi məşqçinin isə 4-ü Azərbaycan vətəndaşı, 6-sı əcnəbi olub.
Bunlardan başqa 12 klubda ümumilikdə 143 oyunçu var və onların 69 nəfəri və ya 48%-i Azərbaycan vətəndaşı olub. Oyunçuların 59 nəfəri isə ABŞ vətəndaşlarıdır. Digər oyunçular isə 8 müxtəlif ölkəni təmsil edir.
Onu da qeyd edək ki, Azərbaycan vətəndaşı olan oyunçuların bəziləri də milliləşmiş əcnəbilər olub. Məsələn, Azərbaycan milli komandasında oynayan Ulaş Turqut, Saadettin Donat, Ercan Donat milliləşmiş oyunçulardır. Bunlardan başqa, bəzi klublarda da Azərbaycan vətəndaşlığını qəbul edən əcnəbi oyunçular mövcuddur.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayından etibarən Azərbaycan Basketbol Federasiyasına təhsil naziri Emin Əmrullayev rəhbərlik edir.
Murad Məmmədov