
Aprelin 21-də dünyasını dəyişən Papa Fransiskin heç bir sərvəti olmadığı ortaya çıxıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransisk illik 340 min avroluq papa maaşını almaqdan da imtina edib və onu xeyriyyə işlərinə sərf edib.
O, həmçinin, dəbdəbəli həyatdan imtina edərək, təvazökar həyata üstünlük verib.
1936-cı il dekabrın 17-də Buenos-Ayresdə anadan olan Papa Fransisk (Xorxe Mario Berqoqlio) Cənubi Amerikadan seçilən ilk papa və Cizvit ordenindən çıxan ilk lider kimi tarixə düşüb.
Buenos-Ayres arxiyepiskopu olduğu illərdə yoxsul məhəllələrdəki xeyriyyəçiliyi ilə tanınan Berqoqlio, Cizvit ordeninin yoxsulluq, iffət və itaət prinsiplərini qəbul edib. O, papa seçiləndə də bu prinsiplərə sadiq qalıb.
Dəbdəbəli papalıq sarayını rədd edən və “Casa Santa Marta” qonaq evində yaşamağı seçən Papa dəbdəbəli rəsmi avtomobilləri yerinə sadə “Dacia” avtomobilində gəzib.
Bildirilir ki, Papa maaşını yoxsul ölkələrdəki layihələrini dəstəkləmək üçün Vatikanın xeyriyyə fondlarına yönəldib.
Papa Fransisk ölümündən əvvəl makaron fabrikinə 200 min avro bağışlayıb. Bu, din xadiminin şəxsi hesabında olan vəsaitin demək olar ki, hamısını təşkil edib.
Papanın dəfn mərasimi onun istəyinə uyğun olaraq sadə şəkildə keçirilib. Mərasim Müqəddəs Pyotr meydanı əvəzinə Santa Maria Maggiore Bazilikasında baş tutub. Mərasimdə dünya liderləri və minlərlə insan (bəzi rəqəmlərə görə, 200 min) iştirak edib.
Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. Fevral ayında o, ağır ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. Papa Fransisk xəstəliyə görə nitq qabiliyyətini itirib.
Xatırladaq ki, Papa Fransisk 13 mart 2013-cü ildə Papa seçilib.