
ABŞ Prezidenti Donald Tramp Vatikan şəhərində Papa Fransiskin dəfn mərasimi ərəfəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə dialoqa başlamazdan əvvəl fransalı həmkarı Emmanuel Makrondan mərasim yerini tərk etməsini istəyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri məlumat yayıb.
Hadisə Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşü zamanı baş verib. Yayılan videoda Vatikan rəsmiləri tərəfindən hazırlanan üç stul görünür. Daha sonra Makron kadra daxil olur və Trampla qısa dialoq aparır. Ardınca Tramp və Zelenskinin söhbəti başlayır. Videoda səslər eşidilməsə də, "The Sun" qəzetinin sifariş verdiyi peşəkar dodaq oxuyucu Trampın Makrona "Mənə bir yaxşılıq etmənizə ehtiyacım var, siz burada olmamalısınız", dediyini müəyyən edib.
Eyni zamanda, ekspert Trampla Zelenskinin danışığını da təhlil edib. Onun sözlərinə görə, Zelenski Trampa “Mən istəyərdim ki, bunu edəsiniz, amma bu şəkildə deyil”, deyib. Tramp isə cavabında bu təklifi “çox maraqlı strategiya” adlandırıb.
Donald Tramp və Vladimir Zelenskinin görüşü Papa Fransiskin dəfn mərasimindən əvvəl baş tutub və təxminən 15 dəqiqə davam edib. “Reuters” agentliyinin məlumatına görə, Ağ Evin kommunikasiya direktoru Stiven Çun bu görüşü “çox məhsuldar” adlandırıb.