"Liverpul" klubu 20-ci dəfə İngiltərə Premyer Liqasının çempionu olub.
Yeniavaz.com xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi komanda 34-cü turda "Tottenhem" üzərində 5:1 hesablı qələbə qazanaraq, mövsümün bitməsinə bir neçə tur qalmış çempionluğu rəsmiləşdirib.
“Enfild” stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin qollarını Luis Dias (16-cı dəqiqə), Aleksis Makallister (24-cü dəqiqə), Kodi Qakpo (34-cü dəqiqə) və Məhəmməd Salah (63-cü dəqiqə) vurublar. "Tottenhem"in futbolçusu Destiny Udoji isə 69-cu dəqiqədə avtoqol ilə fərqlənib. Qonaqların yeganə qoluna Dominik Solanke 12-ci dəqiqədə imza atıb.
Məhəmməd Salah bu qarşılaşmada vurduğu qolla Premyer Liqada 185-ci qola çataraq, argentinalı Serxio Aqueronu geridə qoyub və turnirin ən məhsuldar əcnəbi oyunçusu olub.
Bu, "Liverpul"un son beş ildə ilk, ümumilikdə isə 20-ci liqa tituludur. Klub Premyer Liqa formatında isə ikinci dəfə çempionluq sevinci yaşayıb. Komanda sonuncu dəfə 2020-ci ildə Yurgen Kloppun rəhbərliyi altında çempion olmuşdu.
Qeyd edək ki, mövsümün əvvəlində Opta şirkətinin statistik hesablamalarına görə, "Liverpul"un çempionluq şansı cəmi 5,1% qiymətləndirilirdi. Əsas favorit isə 82,2% şansla "Mançester Siti" hesab olunurdu. Lakin "Siti"nin əsas futbolçularından Rodri sentyabr ayında zədələndikdən sonra komanda qeyri-sabit çıxış etməyə başladı.
Arne Slotun komandası Premyer Liqada bu mövsüm cəmi iki məğlubiyyət alaraq, ardıcıl və inamlı çıxışı ilə titulun əsas favoritinini geridə qoymağı bacardı.