
“Aprelin 11-də Estoniya hakimiyyəti tərəfindən saxlanılan “Kivala” tankeri aşkar edilmiş pozuntuları aradan qaldırıb və indi ölkəni tərk edə bilər”.
Yeniavaz.com ERR-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat departamentinin dəniz xidmətinin direktoru Kristian Truu danışıb.
“Texniki cəhətdən gəmi yaxşı vəziyyətdədir və ölkəni tərk edə bilər”, - Truu deyib.
ERR-in məlumatına görə, Estoniya səlahiyyətliləri əvvəllər tankerdə 40-dan çox pozuntu aşkar etmişdilər. Onların əksəriyyəti sənədləşdirmə, qalanları naviqasiya təhlükəsizliyi sisteminin tətbiqi, ekipajın fövqəladə hallara hazırlığı və texniki pozuntularla bağlı olub.
Xatırladaq ki, Estoniya Hərbi Dəniz Qüvvələri aprelin 11-də Finlandiya körfəzində “Kivala” neft tankerini saxlayıb. Xam neftin daşınması üçün istifadə edilən tanker Estoniyanın ərazi suları ilə Rusiyanın Ust-Luqa limanına gedirdi. Gəmi Rusiyanın “kölgə donanması” ilə əlaqəli idi.