
Futbol üzrə İspaniya Kubokunun final matçında “Barselona” əlavə vaxtda “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, görüş Sevilyada baş tutub.
Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. “Barselona”nın qollarını Pedri (28-ci dəqiqə), Ferran Torres (84-cü dəqiqə) və Jül Kounde (116-cı dəqiqə) vurub. “Real Madrid”in qollarını Kilian Mbappe (70-ci dəqiqə) və Aurelien Tçuameni (77-ci dəqiqə) vurub.
İkinci hissəyə əlavə olunmuş vaxtda matçın baş hakimi Burqos Benqoeçea “Real Madrid”in qapısına penalti təyin etsə də, video baxışdan sonra qərarını dəyişərək “Barselona”nın futbolçusu Rafinyaya simulyasiyaya görə sarı vərəqə göstərib.
Qeyd edək ki, “Barselona” və “Real Madrid” 2014-cü ildən bəri ilk dəfə Kral Kubokunun finalında üz-üzə gəliblər. 2014-cü ildə “Real Madrid” 2:1 hesabı ilə qalib gəlib. Komandalar səkkizinci dəfə həlledici görüşdə qarşılaşıb və hərəyə dörd dəfə qalib gəlib.
Bununla da “Barselona” 32-ci dəfə İspaniya Kubokunu qazanıb, komanda bu kateqoriyada birinci yerdədir. “Real Madrid”in hesabında 20 qələbə var. Keçən il “Atletik Bilbao” 24-cü dəfə kuboku qazanıb.