
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri İsrailin Aşkelon və Təl-Əviv şəhərlərindəki hədəflərə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmənin pilotsuz sistem qüvvələri pilotsuz uçan aparatlardan istifadə etməklə iki hərbi əməliyyat həyata keçirib. Birinci əməliyyat zamanı işğal altındakı Yaffa bölgəsində İsrailin mühüm obyekti (Təl-Əviv) hücuma məruz qalıb. İkinci əməliyyatda isə işğal altındakı Aşkelon bölgəsində İsrailin mühüm obyekti hədəf alınıb”, - o, “Əl Masirah” telekanalına bildirib.
Qeyd edək ki, bundan əvvəl husilər İsrailin Nevatim bazasına “hipersonik ballistik raket” atdıqlarını açıqlamışdılar.
İsrail Müdafiə Qüvvələri də öz növbəsində Yəməndən atılan raketin havada zərərsizləşdirildiyini bəyan edib. Bundan əlavə, ordunun mətbuat xidməti İsrail hərbçilərinin şərq tərəfdən İsrail ərazisinə yaxınlaşan pilotsuz uçan aparatın qarşısını aldığını bildirib. İsrail ordusunun məlumatına görə, raket və pilotsuz təyyarə ölkənin hava məkanından kənarda məhv edilib.