
“Los Angeles Lakers”in əfsanəvi basketbolçusu Kobi Brayantın forması Nyu-Yorkda (ABŞ) “Sotheby's” hərracında 7 milyon dollara satılıb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o bu formanı müntəzəm mövsüm debütündə geyinib.
Satışın Brayant kolleksiyası üçün rekord olduğu deyilir. Belə ki, bundan əvvəl onun “Ən Dəyərli Oyunçu” seçildiyi 2007-08 mövsümündə imzaladığı forması 5,85 milyon dollara satılıb.
Kobi 5 qat NBA çempionu və 18 dəfə “All-Star” olub. O, həmçinin ABŞ komandasının tərkibində ikiqat Olimpiya çempionluğunu qazanıb.
Kobi 1996-2016-cı illərdə “Los Angeles Lakers”da çıxış edib. Əfsanəvi oyunçu 26 yanvar 2020-ci ildə helikopter qəzasında dünyasını dəyişib.