ABŞ MKİ-nin direktor müavininin oğlu Ukraynada müharibədə həlak olub


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavini Culian Qallina Qlossun oğlu 21 yaşlı Maykl Aleksandr Qloss Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olub.
Yeniavaz.com
Rusiya KİV-ə istinadla xəbər verir ki, Qloss Rusiya tərəfində döyüşüb.
O, 2023-cü ildə Rusiyaya səfər etdikdən sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.
Maykl Aleksandr Qloss hərbçi ailəsində anadan olub. Anası Culian Qallina Qloss ABŞ Hərbi Dəniz Akademiyasını bitirib və 1990-cı illərdə akademiyanın ilk qadın kursant komandiri olub.
Son altı il ərzində Culian Qloss karyerasını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində qurub. 2024-cü ilin fevralında o, MKİ-də Rəqəmsal İnnovasiyalar üzrə Direktor müavini vəzifəsinə yüksəlib.
Mayklın atası Larri Qloss ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranıdır. İndi o, Amerika hökuməti, ABŞ Müdafiə Nazirliyi və digər NATO ölkələri də daxil olmaqla təhlükəsizlik proqram təminatı yaradan struktura rəhbərlik edir.
Maykl özü “ABŞ-nin ən yaşıl kollecində” təhsil alıb. O, ekoloji fəal kimi iqlim etirazlarında iştirak edib, həmçinin, qadınların hüquqlarını müdafiə edib.
2023-cü ildə Qloss təhsilini yarımçıq qoyaraq dünya səyahətinə çıxıb. O, Rusiyaya da elə 2023-cü ildə səfər edib.
Qloss “Telegram”a sonuncu dəfə 14 mart 2024-cü ildə daxil olub. İki həftə sonra 137-ci Hava Desant Alayı Ukrayna mövqelərinə hücuma başlayıb. Amerikalının ölümü 2024-cü il aprelin 4-də yayılıb. Mayklın ölümünün dəqiq şərtləri məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top