Moskvada avtomobil partladı - General öldü


Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində avtomobil partlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Məlumata görə, partlayış Balaşixa şəhərinin Nesterov küçəsindəki yaşayış binasının yaxınlığında yerli vaxtla səhər saat 10:40-da baş verib.
Avtomobilin partlaması nəticəsində Rusiya Silahlı Qüvvələrinin generalı Yaroslav Moskalik həlak olub.
“İlkin məlumatlara görə, partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik həlak olub”, - o qeyd edib.
“Volkswagen Golf” markalı avtomobilin yanından keçən zaman avtomobilə quraşdırılmış bomba işə düşüb və nəticədə, adı çəkilən hərbçi hadisə yerində həlak olub. Partlayış dalğası onun cəsədini bir neçə metr kənara atıb.
Partlayış partlayıcı elementləri olan əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Hadisə yerinə İstintaq Komitəsinin müstəntiqləri, idarənin məhkəmə-tibb ekspertləri və ekspertləri, habelə hüquq-mühafizə orqanlarının əməliyyat bölmələri cəlb olunub.
Rusiya İstintaq Komitəsi qətl və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açıb.
Qeyd edək ki, 59 yaşlı Yaroslav Moskalik Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini idi. O, müxtəlif danışıqlar proseslərində Rusiya Müdafiə Nazirliyini təmsil edirdi.

DİGƏR XƏBƏRLƏR

Top