
“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili siyasətdən gedir, bu da onun partiyadan getməsi deməkdir.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, o, bu barədə brifinqdə məlumat verib.
“Siyasətə qayıdandan sonra əvvəlcə müdafiə naziri, sonra ikinci dəfə baş nazir təyin olunmaqla, nəhayət partiyanın sədri seçilməklə mənə tapşırılan şərəfli missiyanı yerinə yetirdiyimi deyə bilərəm. İndi mən daha partiya sədri postunda və ümumiyyətlə, siyasətdə qalmağa ehtiyac görmürəm. Ona görə də, “Gürcü Arzusu”nun sədri postunu tərk edib siyasətdən getməyə qərar verdim”, - Qaribaşvili bildirib.
O, fəaliyyətini özəl sektorda davam etdirəcəyini, təfərrüatları daha sonra açıqlayacağını bildirib.
Qaribaşvili partiya sədri postuna kimin keçəcəyini dəqiqləşdirməyib.
Siyasətə qayıtmaq fikrində olub-olmadığını soruşduqda o, “Bu barədə söhbət gedə bilməz”, - cavabını verib.
Qaribaşvili “Gürcü Arzusu”na müxalifət olaraq yenidən siyasətə qayıtmaq imkanını da inkar edib.
Qeyd edək ki, İrakli Qaribaşvili “Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra iki dəfə baş nazir postunu tutub, daxili işlər naziri, həm də müdafiə naziri olub. Ən son isə baş nazir postundan istefa verdikdən sonra partiya sədri vəzifəsini tutub.