
ABŞ-nin texnologiya şirkəti “Yahoo” ABŞ məhkəməsi “Google”un antiinhisar işi ilə bağlı brauzerdən imtina etməsinə qərar verərsə, “Chrome”u almağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Chrome” şübhəsiz ki, internetdə ən mühüm strateji oyunçudur”, - deyə “Yahoo Search”ün baş meneceri Brayan Provost bildirib.
O, “Chrome” brauzerini on milyardlarla dollar dəyərində qiymətləndirib.
Provost qeyd edib ki, “Yahoo” öz brauzerini inkişaf etdirir, lakin hazır məhsulu almağı da istisna etmir.
Qeyd edək ki, bundan əvvəl “OpenAI” də “Google” brauzerini almaqda maraqlı olduğunu açıqlayıb. Əgər razılaşma əldə olunarsa, “OpenAI” “ChatGPT” chatbotunu “Chrome”a daha çox inteqrasiya etməyi planlaşdırır.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi texnologiya nəhəngi “Google”dan “Chrome” brauzerinin sahibliyindən imtina etməsini və digər şirkətlərlə öz məhsullarında texnologiya nəhənginin axtarış sistemindən istifadə etmək üçün müqavilə bağlamağı qadağan etməsini tələb edərək məhkəməyə müraciət edib.
ABŞ hökuməti “Google”u inhisar statusundan məhrum etməyə çalışır. Onun fikrincə, bu, potensial rəqiblərin internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə mane olur.