
Ukrayna ABŞ-dən ən azı 105 milyard dollarlıq silah və digər yardımlar alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı jurnalist Ben Şapiroya müsahibəsində bildirib.
“Mənim ölkəm nə qədər yardım edildiyini çox dəqiq şəkildə sənədləşdirir. Bildiyiniz kimi, bizə ABŞ-dən 104-105 milyard dollar yardım gəlib. Bu pulların çoxu silah şəklində olub”, - Zelenski qeyd edib.
Onun sözlərinə görə, bu pullar daha çox silah üçün xərclənib və döyüş meydanında istifadə olunub.
Bundan əlavə, Zelenski bildirib ki, Ukrayna hərbi əməliyyatların aparılması və silahların hazırlanması ilə bağlı öyrəndiyi hər şeyi ABŞ ilə bölüşür. O, həmçinin ABŞ Prezidenti Donald Trampla Ağ Evdəki son görüşü mübahisə ilə başa çatsa da, daha səmərəli görüşlər keçirəcəyinə ümid edir.
Qeyd edək ki, Tramp və Zelenski arasında Vaşinqtonun Kiyevə yardım üçün xərclədiyi pulun miqdarı ilə bağlı uzun müddətdir fikir ayrılığı var.