
Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın 2025-ci ilin birinci rübü üçün xalis mənfəəti şirkətin maliyyə hesabatına əsasən 409 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu, bir il əvvəllə müqayisədə 71% azdır.
2024-cü ilin birinci rübündə “Tesla”nın xalis mənfəəti 1,39 milyard dollara çatıb. Şirkətin gəliri 9% azalaraq, 2024-cü ilin birinci rübü ilə müqayisədə 21,3 milyard dollardan 19,34 milyard dollara düşüb.
“Tesla” bu azalmanı Şanxay, Berlin, Frimont (Kaliforniya ştatı) və Ostin (Texas ştatı) zavodlarındakı istehsal xətlərinin təkmilləşdirilməsi ilə əlaqələndirib.
Bundan başqa, gəlirlərin azalmasına elektriklə işləyən avtomobillərin orta qiymətinin aşağı düşməsi səbəb olub ki, bu da satışın stimullaşdırılmasına hesablanıb.
“Sürətlə dəyişən ticarət siyasətləri “Tesla”nın qlobal təchizat zəncirinə və xərc strukturuna mənfi təsir göstərdiyindən avtomobil və enerji bazarlarında qeyri-müəyyənlik artmaqda davam edir. Bu dinamikalar, eləcə də, dəyişən siyasi əhval-ruhiyyə yaxın perspektivdə məhsullarımıza olan tələbata əhəmiyyətli dərəcədə təsir göstərə bilər”, - deyə şirkətin açıqlamasında bildirilib.
“The Wall Street Journal” qəzetinin məlumatına görə, şirkət həmçinin ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən və “Tesla” şirkətinin baş direktoru İlon Maskın ABŞ-nin Hökumətin Səmərəlilik Agentliyinin kuratoru kimi fəaliyyətindən zərər çəkib.
Belə ki, Avropa və ABŞ-dəki alıcılar “Tesla” məhsullarını boykot etməyə çağırıblar. Bundan əlavə, ABŞ-də “Tesla” sahibləri və dilerləri son həftələr vandalizm aktları ilə üzləşib, avtomobilləri radikal fəallar tərəfindən dayanacaqlarda yandırılıb.