
Ermənistan parlamentində iqtidarla müxalifətdən olan deputatlar arasında dava düşüb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə parlamentin bu gün keçirilən iclasında baş verib.
Parlamentin spikeri Alen Simonyanın “Hayastan” fraksiyasında daxili çəkişmə olması ilə bağlı bəyanatından sonra vəziyyət gərginləşib.
Onun sözlərinə görə, fraksiyanın partiyasız üzvləri “Daşnaksütyun” partiyası tərəfindən əsir götürülüb.
“Hayastan” deputatı Qarnik Danielyan Simonyanın sözlərinə dərhal reaksiya verib. Bundan sonra mübahisəyə digər müxalifət nümayəndələri də qoşulub.
Müxalifətdən olan deputat Qeqam Manukyan və hakim “Mülki müqavilə” fraksiyasının üzvü Vae Qalumyan arasında şifahi mübahisə davaya çevrilib.
Münaqişənin miqyası sürətlə böyüyüb və davaya digər deputatlar da qoşulub.
Bir neçə dəqiqədən sonra təhlükəsizlik xidmətinin əməkdaşları münaqişə iştirakçılarını ayırmaq üçün zala daxil olublar. Bundan sonra spiker 20 dəqiqəlik fasilə elan edib.