Mərkəzi Bank sabah faiz dərəcəsini artıracaqmı? – Analiz


Sabah – 23 aprel 2025-ci il tarixində Mərkəzi Bankı 2025-ci il üzrə 3-cü faiz qərarını açıqlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda bildirilir ki, Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 23 aprel 2025-ci il tarixində saat 10:00-da yayımlanacaq. Həmin gün saat 11:00-da Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəyi qeyd olunub.
Məlumat üçün bildirək ki, Mərkəzi Bankın İdarə Heyəti ardıcıl 7 iclasdır uçot faiz dərəcəsini dəyişməz saxlayır. Uçot faiz dərəcəsi sonuncu dəfə 2024-cü ilin may ayının 2-də dəyişdirib. Həmin tarixdə uçot dərəcəsi 0,25 faiz bəndi azaldılaraq 7,25% səviyyəsinə düşürülüb.
Qeyd edək ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir. Uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi Mərkəzi Bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən 100 min manatdan əlavə olaraq 7 min 250 manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.
Aşağıdakı cədvəldə 2015-2025-ci illərdə orta illik inflyasiya səviyyəsi ilə uçot dərəcəsi göstərilib:

Cədvəldən də göründüyü kimi, uçot dərəcəsi inflyasiya səviyyəsinə uyğun şəkildə dəyişir. İnflyasiya artdıqca, faiz dərəcəsi də artırılır, azaldıqca, endirilir.

Bəs sabah Mərkəzi Bank hansı qərarı verə bilər?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı həddin yuxarı sərhədinə yaxınlaşıb:
“Mərkəzi Bank bu il və gələn il üçün inflyasiyanın 4-6% arasında dəyişəcəyini proqnozlaşdırıb. Rəsmi məlumatlara əsasən, mart ayında inflyasiya artıq 5,9%-ə yüksəlib. Məncə, qarşıdakı aylarda da bu göstərici arta bilər. Ölkədə maaş artımları baş verib, bu isə bazara daha çox nağd vəsaitin daxil olması deməkdir. Qiymətlərdə də ciddi artımlar müşahidə olunur. Məsələn, kartof və soğan kimi əsas ərzaq məhsullarının qiyməti 2 dəfəyə yaxın bahalaşıb. Belə şəraitdə inflyasiyanın 6%-dən aşağı düşməsi real görünmür”.

Allahverdi Aydın

Ekspertin fikrincə, Mərkəzi Bank sabah uçot faiz dərəcəsini dəyişməsə belə, yaxın aylarda az da olsa artım mümkündür.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top