
Harvard Universiteti ABŞ Prezidenti Donald Trampın administrasiyasını milyardlarla dollarlıq maliyyənin bloklanmasına görə məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə bazar ertəsi “Harvard Crimson” tələbə qəzeti məlumat yayıb.
Universitet ölkə rəhbərliyini konstitusion hüquqlarını müdafiə etdiyinə görə Harvardın cəzalandırılması üçün qanunsuz və konstitusiyaya zidd kampaniya aparmaqda ittiham edir.
Harvard məhkəmədə 2,2 milyard dollarlıq maliyyələşdirmənin, eləcə də Tramp administrasiyasının Harvarda göndərdiyi məktublarda yer alan qeyri-konstitusiya tələbləri ilə əlaqədar tutulan hər hansı maliyyə vəsaitinin dondurulması barədə qərar çıxarmaq istəyir.
Universitet hesab edir ki, maliyyə vəsaitinin geri götürülməsi qurumu idarəetmə sistemini dəyişməyə, akademik proqramlarına və məşğulluq təcrübələrinə yenidən baxmağa məcbur etmək məqsədi daşıyır ki, bu da söz azadlığını təmin edən Konstitusiyaya Birinci Düzəlişlə ziddiyyət təşkil edir.
“The New York Times” qəzeti qeyd edir ki, iddiada cavabdeh qismində ABŞ təhsil naziri Linda MakMeon, ədliyyə naziri və Baş Prokuror Pem Bondi, səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi və bir sıra digər rəsmilərin adları çəkilir.
Qeyd edək ki, aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib. Bundan sonra Təhsil Nazirliyi Harvarda 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.