
Vilnüsdə Azərbaycan səfirliyinin əməkdaşları qəza törədib.
Yeniavaz.com xəbər verir ki, barədə “TV3LT” telekanalı məlumat yayıb.
Qəza şənbə günü yerli vaxtla saat 21:30 radələrində baş verib.
Belə ki, Vilnüsdə iki küçənin kəsişməsində “Volkswagen” markalı iki avtomobil toqquşub. Onlardan biri – “VW Passat” Azərbaycan səfirliyinə, digəri – “VW Polo” Vilnüs sakininə məxsus olub.
Məlumata görə, “Passat” işıqforun qırmızı işığında kəsişməyə çıxaraq “Polo” ilə toqquşub.
Şahidlərin sözlərinə görə, Azərbaycan səfirliyinə məxsus avtomobildə üç kişi və bir qadın, digər nəqliyyat vasitəsində isə bir kişi və bir uşaq olub. Qəza yerinə həkimlər çağırılıb. Onlar hadisə yerində uşağı müayinə ediblər. Ancaq onu xəstəxanaya aparmağa ehtiyac olmayıb.
“Polo”nun sürücüsü bildirib ki, azərbaycanlılar ondan polisə zəng etməməyi xahiş edib, lakin buna baxmayaraq, o, qəza barədə polisə məlumat verib.
Şahidlər deyirlər ki, qəzadan sonra Azərbaycan səfirliyinə məxsus avtomobildə sürücü və sərnişin yerlərini dəyişib. Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkoltest zamanı 1,4 promil spirt çıxdığı qeyd edilib.
Litva qanunlarına görə, bu, yüngül sərxoşluq sayılır və hadisəni törədən şəxs qəza zamanı daha ağır nəticələrə səbəb olmayıbsa, inzibati məsuliyyət daşıyır.
Bundan sonra qəza törədən şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib və o, diplomatik toxunulmazlığını əsas gətirərək alkoltestdən keçməkdən imtina edib.
Polis bildirib ki, onlar hələ də “Passat”ı kimin idarə etdiyini müəyyən edə bilməyiblər.




