Xam qızılı 54 dollara İsveçrəyə satıb, emal olunanını 93 dollara geri alırıq


Azərbaycan Mərkəzi Bankının bu gün açıqladığı məlumata görə, qızılın bir qramının qiyməti 185 manata bərabər olub.
Yeniavaz.com
xəbər verir ki, bu ilin əvvəlindən ötən dövr ərzində qızılın bir qramı 28% və ya 40 manat 50 qəpik bahalaşıb.
Belə ki, ilin əvvəlində qramı 144 manat 50 qəpik olan qızıl heç vaxt bu səviyyəyə qədər yüksəlməyib.
Məlumat üçün qeyd edək ki, qızılın sürətlə bahalaşdığı bu dövrdə Azərbaycan xarici ölkələrdən qızıl alışını da kəskin şəkildə artırıb.
Açıqlanan rəsmi məlumatlara görə, 2025-ci ilin ilk 2 ayı ərzində Azərbaycan xarici ölkələrdən 1 milyard 422 milyon 46 min 460 dollar dəyərində 15 min 868,46 kiloqram yarı işlənmiş formalarda (külçə) qızıl idxal edib. Bu qızılın orta gömrük dəyəri 1 qram üçün 89,6 dollar (152,3 manat) təşkil edib.
Bu ilin ilk 2 ayında Azərbaycanın qızıl idxal etdiyi ölkələr və orta qiymətlər aşağıdakı kimi olub:
Rusiya – 3 474,95 kq (90,8 dollar/qram);
Avstraliya – 2 828,87 kq (85,3 dollar/qram);
Böyük Britaniya – 1 200,38 kq (88,5 dollar/qram);
Çin – 1 173,72 kq (92,2 dollar/qram);
Kanada – 966,58 kq (94,8 dollar/qram);
Braziliya – 896,79 kq (91,4 dollar/qram);
Özbəkistan – 397,05 kq (93,8 dollar/qram);
İsveçrə – 344,21 kq (93,2 dollar/qram);
ABŞ – 261,14 kq (87,1 dollar/qram);
Honkonq – 159,25 kq (89,3 dollar/qram);
Cənubi Afrika – 100,48 kq (91,9 dollar/qram).


Eyni zamanda, Azərbaycan bu dövrdə emal olunmamış formada qızıl ixracı da həyata keçirib. 2025-ci ilin ilk 2 ayında İsveçrəyə göndərilən 748,29 kiloqram xam qızılın ümumi dəyəri 40 milyon 170 min 410 dollar olub. Bu isə 1 qram üçün 53,7 dollar (təxminən 91,3 manat) deməkdir.
Nəticə etibarilə, Azərbaycan İsveçrəyə emal olunmamış qızılı ucuz satır (53,7 dollar/qram) və emal olunmuş qızılı İsveçrədən baha qiymətə (93,2 dollar/qram) geri alır. Qızıl həm də bu ilin ilk 2 ayında Azərbaycanın ən çox ixrac etdiyi qeyri-neft malları arasında birinci yerdədir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top