
Rusiya İranın nüvə proqramının gələcəyinə dair mümkün razılaşmanın əldə olunmasında əsas vasitəçi və arbitr rolunu oynaya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu “The Guardian” nəşri yazıb.
Qeyd edilir ki, 2018-ci ildə ABŞ-nin o zamankı prezidenti Donald Tramp İranla dünya gücləri arasında 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasından birtərəfli qaydada çıxaraq Tehrana qarşı daha sərt siyasətə keçmişdi. Tramp bu dəfə də İranın nüvə silahı hazırlamasına qarşı yeni razılaşma əldə olunmasa, hücumla hədələyib.
Mənbəyə görə, ABŞ və İran rəsmiləri arasında Omanın vasitəçiliyi ilə şənbə günü Romada keçirilən dolayı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Bu danışıqlar dörd saat davam edib. Texniki danışıqlar bu həftə Cenevrədə, yüksək səviyyəli diplomatik görüş isə gələn həftə Omanda planlaşdırılır.
Roma danışıqlarında Trampın xüsusi nümayəndəsi 60 gün ərzində razılığa gəlmək niyyətindədir. Lakin prosesin İranın xarici işlər naziri Abbas Araqçinin müqaviməti ilə qarşılaşa biləcəyi bildirilir.
Ən ciddi mübahisə mövzusu İranın zənginləşdirilmiş uran ehtiyatlarının necə idarə olunacağı ilə bağlıdır. Vaşinqton bu ehtiyatların ya məhv edilməsini, ya da Rusiya kimi üçüncü bir ölkəyə ötürülməsini təklif edir. Tehran isə uranı ölkə daxilində saxlamaq istəyir.
Razılaşmanın pozulacağı təqdirdə İran gələcək itkilərə qarşı zəmanət tələb edir. İran tərəfi ABŞ-nin əvvəlki kimi sazişdən geri çəkilməyəcəyinə dair Konqres tərəfindən təsdiqlənmiş hüquqi təminatlar istəyir. Lakin ekspertlər bildirirlər ki, ABŞ Konqresində İsrailyönlü qüvvələrin təsiri belə bir zəmanətin əldə olunmasını çətinləşdirir.
İran alternativ variant kimi, razılaşma pozularsa, ABŞ-nin Tehranın iqtisadi itkilərini kompensasiya etməsini də təklif edir. Üçüncü ssenariyə əsasən, razılaşma pozularsa, Rusiya zənginləşdirilmiş uranı İrana geri qaytara və İran cəzalandırılmaya bilər.
“The Guardian” qeyd edir ki, bu ssenari Rusiya üçün gələcək ABŞ-İran münasibətlərində əsas söz sahibinə çevrilmək imkanı yaradır və hazırkı qarantlar – Almaniya, Fransa və Böyük Britaniyanın prosesdə rolunu azalda bilər.