
ABŞ-nin Nort-Vest Universitetinin alimləri xüsusilə ən həssas xəstələr üçün ürək xəstəliklərinin müalicəsində inqilab edəcəyini vəd edən qeyri-adi kiçik ürək kardiostimulyatoru yaradıblar.
Yeniavaz.com xəbər verir ki, bir düyü dənəsindən kiçik olan yeni cihaz tibb elminin yeni inqilabı hesab olunur.
Qeyri-adi kiçik ölçüləri (cəmi 1,8 millimetr eni, 3,5 millimetr uzunluğu və 1 millimetr qalınlığı) onu şpris vasitəsilə bədənə qeyri-invaziv şəkildə yeritməyə imkan verir.
Uşaqların təqribən 1%-i, hansı ölkədə yaşamalarından asılı olmayaraq ürək qüsuru ilə doğulur. “Euronews”un məlumatına görə, bu kiçik kardiostimulyator anadangəlmə ürək qüsurları olan yeni doğulmuş körpələr üçün xüsusilə təcili tibbi ehtiyacı ödəyir.
Sistem son dərəcə kiçik ölçüləri və unikal işıq aktivləşdirmə sistemini birləşdirən mürəkkəb mexanizm sayəsində işləyir. Kiçik kardiostimulyator ürəyə implantasiya edilir və xəstənin sinəsinə yerləşdirilən xarici portativ cihazla işləyir.
Kiçik ölçüsünə baxmayaraq, bu kiçik kardiostimulyator tam ölçülü kardiostimulyatorla eyni stimullaşdırmanı təmin edir. Ekstremal mikrostruktur birdən çox cihazı eyni vaxtda ürəyin müxtəlif hissələrinə yerləşdirməyə imkan verir, ənənəvi kardiostimulyatorların əldə edə biləcəyindən daha mürəkkəb sinxronizasiya əldə etmək üçün onları müstəqil şəkildə idarə edir.
Bu innovativ texnologiya sinir və sümüklərin sağalması, mürəkkəb yaraların sağalması və xüsusi, idarə olunan elektrik stimulları vasitəsilə xroniki ağrıların qarşısının alınması da daxil olmaqla, kardiologiyadan kənar bioelektron tibb üçün də geniş imkanlar açır.