
İspaniyanın “Barselona” klubu baş məşqçi Hans-Diter Fliklə müqaviləni 2027-ci ilə qədər uzatmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, alman mütəxəssis ötən ilin yayında “Barselona”ya keçib.
Onun klubla hazırkı müqaviləsi gələn mövsümün sonuna kimidir.
Flikin rəhbərliyi altında Kataloniya klubu yanvarda İspaniya Superkubokunu qazanıb və hələ də daha üç titul qazanmaq şansı var.
Belə ki, “Barselona” “La Liqa”da liderdir. Onu ikinci yerdə qərarlaşan “Real”la 4 xal ayırır. Çempionlar Liqasında isə “Barselona” yarımfinaldadır və onun yarımfinaldakı rəqibi “İnter"dir. Nəhayət, gələn şənbə Hans-Diter Flikin komandası İspaniya kuboku üçün final oyununa çıxacaq. Komanda aprelin 26-da “Real Madrid”lə qarşılaşacaq.
“Barselona” “La Liqa”da növbəti oyununu isə bu gün, aprelin 19-da keçirəcək. İspaniya Primerasının 32-ci turu çərçivəsində o, doğma meydanda “Selta”nı qəbul edəcək.