
ABŞ-nin ən böyük quşçuluq şirkətlərindən biri olan “Piligrim's Pride” Amerika lideri Donald Trampın 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə rekord məbləğdə 5 milyon dollar ianə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə günü “The Wall Street” qəzeti məlumat yayıb.
Məlumata görə, kriptovalyuta şirkətləri də donorların ilk sıralarındadır: “Ripple” (təxminən 5 milyon dollar), “Robinhood Markets” (2 milyon dollar), “Coinbase Inc.” (1 milyon dollar).
Trampın inauqurasiya mərasimi üçün neft şirkətləri də böyük məbləğdə vəsait ayırıblar. Belə ki, Trampın inauqurasiya komitəsi neft və qaz nəhəngi “Chevron”dan 2 milyon dollar, “Exxon Mobil”, “Occidental Petroleum” və “ConocoPhillips”dən isə hər biri üçün 1 milyon dollar yardım alıb.
Eyni məbləği əczaçılıq sənayesindən “Bayer Corporation”, “Phizer”, “Merck & Co.” şirkətləri, eləcə də “PhRMA” assosiasiyası ayırıb.
Sənədlərdə həmçinin, texnologiya nəhəngləri “Nvidia”, “OpenAI” və “Meta” da var. “Amazon” pərakəndə satış şəbəkəsi, “Delta Air Lines” aviaşirkəti, “Boeing” təyyarə istehsalçısı və “McDonald's” fast food şəbəkəsi də Trampın inauqurasiya mərasimi üçün hər biri 1 milyon dollar ianə edib.
Donorlar arasında inauqurasiyadan sonra administrasiyada Tramp tərəfindən müxtəlif vəzifələrə irəli sürülən və ya ABŞ-nin digər ölkələrdəki səfirləri kimi təklif edilən şəxslər də var.
“Stephens Inc.” investisiya şirkətinin rəhbəri Uorren Stivens isə 2024-cü il dekabrın 2-də Amerika liderinin inauqurasiyası üçün 4 milyon dollar bağışlayıb.
Həmin gün onun ABŞ-ın Böyük Britaniyadakı səfiri vəzifəsinə namizədliyi elan edilib. 1 milyon dollar töhfə verən Hyustonlu iş adamı Tilman Fertittaya İtaliyadakı səfir vəzifəsi təklif olunub. NASA rənbərliyinə namizəd Jared Ayzekman isə 2 milyon dollar bağışlayıb.
Ümumilikdə, Tramp inauqurasiyası üçün 250 milyon dollar toplayıb. Bu, ABŞ-nin keçmiş lideri Co Baydenin 2021-ci ildə aldığı 62 milyon dollardan təxminən dörd dəfə çoxdur. Tramp həm də 2017-ci ildə ilk andiçmə mərasimində müəyyən etdiyi rekordu təzələyib. Həmin vaxt onun topladığı ianələrin məbləği 107 milyon dollar olub.