
Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Onlardan əlavə 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
***10:00
Aprelin 19-u gecə Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə 32 nəfər (23 qadın, 9 kişi) Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.
Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb.
Digər tərəfdən, toyda zəhərlənmə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) də araşdırmaya başlayıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Məlumatda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma başladığı bildirilib:
“Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.
APA-nın məlumatına görə, zəhərlənmə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq sarayında baş verib.