
Ötən il fiziki şəxslər xaricdən Ermənistana banklar vasitəsilə 5,8 milyard dollar göndəriblər.
Yeniavaz.com Ermənistan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə Ermənistana pul köçürmələri 2,5% artıb.
Bildirilir ki, Ermənistana köçürülən pulların 65%-i və ya 3,8 milyard dolları Rusiyadan göndərilib. 2023-cü illə müqayisədə ötən il Rusiyadan Ermənistana pul köçürmələri 3,2% azalıb.
Ermənistana pul köçürmələrinin həcminə görə ABŞ 691 milyon dollarla ikinci yerdədir. ABŞ-dən pul köçürmələri 2023-cü illə müqayisədə 4,1% artıb.
2024-cü ildə Ermənistandan xaricə 4,3 milyard dollar köçürülüb. Xaricə köçürülən pulların təxminən 20%-i BƏƏ-yə (880 milyon dollar), 16%-i Rusiyaya (688 milyon dollar), 13,5%-i ABŞ-yə (585 milyon dollar), 10,5%-i İsveçrəyə (456 milyon dollar), 4%-i isə Monakoya (160 milyon dollar) köçürülüb.
Məlumat üçün onu da bildirək ki, Ermənistanla müqayisədə fiziki şəxslər tərəfindən Azərbaycana göndərilən pullar və Azərbaycandan xaricə göndərilən pullar daha az olub.
Ötən il Azərbaycanda yaşayan fiziki şəxslər xarici ölkələrə 526 milyon 759 min dollar, xaricdə yaşayan fiziki şəxslər isə Azərbaycana 1 milyard 82 milyard 873 min dollar dəyərində pul göndəriblər.
Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Ötən bir il ərzində xaricdən köçürülən pulların 45,9%-i (496,7 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pullar əvvəlki illə müqayisədə 2 dəfədən çox azalıb. Belə ki, 2023-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 47,5 milyon dollar göndərilib. Rusiyadan başqa ötən il Azərbaycana Türkiyədən 175,9 milyon dollar (16,2%), ABŞ-dən 65 milyon dollar (6%), Gürcüstandan 35,3 milyon dollar (3,3%), Böyük Britaniya dan isə 33,9 milyon dollar (3,1%) pul göndərilib.
Ötən il Azərbaycandan ən çox Türkiyəyə pul göndərilib. Ötən il ərzində xaricə köçürülən pulların 28,8%-i (151,8 milyon dollar) Türkiyənin payına düşüb. Türkiyəyə göndərilən pullar əvvəlki illə müqayisədə 5,7 milyon dollar artıb. Türkiyədən sonra ötən il Azərbaycandan ABŞ-yə 60,4 milyon dollar (11,5%), Rusiyaya 58 milyon dollar (11%), Gürcüstana 45 milyon dollar (8,5%), Böyük Britaniyaya isə 28,5 milyon dollar (5,4%) göndərilib.
Elnur Əli