
ABŞ Suriyadakı hərbi kontingentini 500 nəfərə qədər azaltmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə cümə axşamı “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, ölkənin şimal-şərqindəki səkkiz Amerika hərbi bazasından üçü yaxın gələcəkdə bağlanacaq və hərbi personalın sayı təxminən 2000 nəfərdən 1400 nəfərə endiriləcək.
NYT yazır ki, qoşunların əlavə azalması ilə bağlı qərar təxminən iki ay ərzində veriləcək. Nəticədə, Suriyada 500-ə yaxın ABŞ hərbçisi qalacaq.
Pentaqon Suriyada hərbi kontingentin sayının azaldılmasının başlanması ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyib.
Qeyd edək ki, bundan əvvəl “Sky News” xəbər vermişdi ki, ABŞ Suriyanın Deyr əz-Zor əyalətindəki hərbi bazada yerləşdirilmiş bölmələri mərhələli şəkildə geri çəkməyə başlayıb. Amerika hərbçilərinin karvanı ABŞ-nin daha bir əsas bazasının yerləşdiyi İraq Kürdüstanına doğru yola düşüb.