
ABŞ Prezidenti Donald Tramp ticarət tariflərinin mənfi təsiri barədə xəbərdarlıq edən Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Paueli tənqid edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Çikaqo İqtisadi Klubunda çıxış edən Pauel, Ağ Evin siyasətinin ABŞ-nin iqtisadi artımını ləngidə və inflyasiyanı sürətləndirə biləcəyini, bunun da FED-in sabit inflyasiya və maksimum məşğulluğu təmin etməsini çətinləşdirə biləcəyini deyib. O, FED-in ABŞ-yə idxal olunan mallara tariflərin artması səbəbindən inflyasiyanın sürətlənəcəyindən ehtiyatlandığını izah edib.
Pauel hesab edir ki, prezidentin tətbiq etdiyi tariflər inflyasiyanın ən azı müvəqqəti artmasına səbəb olacaq və bu təsir uzunmüddətli ola bilər.
CNN qeyd edir ki, Pauelin şərhləri son həftələrdə digər FED rəsmiləri tərəfindən edilən şərhlərdən az fərqlənir. Onlar Trampın tariflərinin yüksək inflyasiya və işsizliyə səbəb olacağını bildiriblər.
Pauelin çıxışından bir gün sonra Tramp özünün sosial şəbəkəsində FED rəhbərini tənqid edib. O, onu faiz dərəcələrini aşağı salmaq istəməməkdə ittiham edib.
“Neft qiymətləri düşür, ərzaq (hətta yumurta!) ucuzlaşır və ABŞ tariflərə görə zənginləşir. Pauel çoxdan Avropa Mərkəzi Bankı kimi faiz dərəcələrini azaltmalı idi, lakin indi o, açıq şəkildə onları azaltmalıdır”, - Tramp yazıb.
O, həmçinin Pauelin işdən çıxarılmasının mümkün qədər tez baş verməli olduğunu deyib.