ÇL: Növbəti yarımfinalçılar “İnter” və “Arsenal” oldu – Video


“İnter” və “Arsenal” Çempionlar Liqasının yarımfinalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, 1/4 finalın cavab oyununda İngiltərə klubu səfərdə “Real Madrid”ə 2:1 hesabı ilə qalib gəlib.
“Santyaqo Bernabeu” stadionunda keçirilən matçın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. 13-cü dəqiqədə “Arsenal”ın ingilis cinah oyunçusu Bukayo Saka penaltini qaçırsa da, 65-ci dəqiqədə gözəl zərbə ilə hesabı açıb. İki dəqiqə sonra “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior qonaqların fransalı müdafiəçisi Vilyam Salibanın kobud səhvindən sonra bərabərlik qolunu vurub. Matçın yekun qolunu isə əlavə vaxtda “Arsenal”ın braziliyalı cinah oyunçusu Qabriel Martinelli vurub.

Milanlılar isə evdə “Bavariya” ilə 2:2 hesablı heç-heçə edib.
“İnter”-“Bavariya” matçının da ilk hissəsi qolsuz keçib. İkinci hissənin əvvəlində İngiltərə yığmasının kapitanı Harri Keyn “Bavariya”nı önə çıxarsa da, İtaliya klubu 3 dəqiqə ərzində 2 qol vuraraq hesabda önə keçib. Meydan sahiblərinin heyətində argentinalı hücumçu Lautaro Martinez və fransalı müdafiəçi Benjamin Pavard fərqlənib. Alman klubu ingilis müdafiəçi Erik Dayerin qolu ilə məğlubiyyətdən xilas olub.
Qeyd edək ki, ilk oyunda “İnter” 2:1 hesablı qələbə qazanmış, “Arsenal” isə “Kral klubu”nun qapısından 3 cavabsız top keçirə bilmişdi.
Yarımfinalda “İnter” daha əvvəl “Borussiya Dortmund”u mübarizədən kənarlaşdıran Kataloniya təmsilçisi “Barselona” ilə, “Arsenal” isə İngiltərənin “Aston Villa” klubunu məğlub edən Fransanın PSJ klubu ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top