
ABŞ-nin Suriyadakı hərbi komandanlığı Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisindəki hərbi bazada yerləşdirilən xüsusi təyinatlı qüvvələri geri çəkməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, amerikalı hərbçilərin karvanı Suriyanın şərqində yerləşən obyektdən ABŞ-nin böyük bazasının yerləşdiyi İraq Kürdüstanına yollanıb.
Qeyd edək ki, Suriyada 2015-2018-ci illər ərzində kürdlərin nəzarətində olan ərazilərdə doqquz Amerika hərbi bazası və üç forpost yaradılıb. Onlar Hələb, Deyr əz-Zor, Rakka və Həsəkə əyalətlərində, həmçinin İraq və İordaniya ilə həmsərhəd Ət-Tanf ərazisində yerləşirlər. Bu bazalarada Suriya Demokratik Qüvvələrinin (SDQ) kürd birləşmələrinə dəstək verən 2200 amerikalı əsgər yerləşdirilib.
Koniko bazası isə 2017-ci ildə yaradılıb və Ət-Tanfdan 23 km şimal-qərbdə yerləşir.
Qeyd edək ki, martın 10-da Dəməşqdə Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa və SDQ-nin hərbi lideri Mazlum Abdi arasında kürd döyüşçülərin hökumət silahlı qüvvələrinin tərkibinə daxil edilməsinə dair saziş imzalanıb. Tərəflər Suriyanın şimal-şərqində SDQ-nin nəzarətində olan ərazilərdə yerləşən bütün mülki və hərbi obyektlərin, o cümlədən hava limanları, qaz və neft yataqlarının Dəməşqdəki yeni administrasiyanın nəzarətinə keçəcəyi barədə razılığa gəliblər.