
“İnter Mayami”nin hücumçusu Luis Suares komanda yoldaşı Jordi Albanı dişləyib.
Yeniavaz.com xəbər verir ki, hadisə aprelin 10-da Amerika Çempionlar Kuboku (KONKAKAF) çərçivəsində “İnter Mayami” və “Los Anceles” matçı (3:1) zamanı baş verib.
Matçın sonlarına yaxın “İnter”in hücumçusu Lionel Messi qol vurub, sonra oyunçular arasında əlbəyaxa dava başlayıb.
Suares qarışıqlıq zamanı bilmədən Albanın əlini dişləyib.
Qeyd edək ki, Suares əvvəllər üç dəfə oxşar hadisələrin mərkəzində olub: 2010-cu ildə PSV-nin futbolçusu Otman Bakkalı, 2013-cü ildə “Çelsi”nin müdafiəçisi Branislav İvanoviçi, 2014-cü il Dünya Çempionatında isə italiyalı Corco Kyellinini dişləyib.
Xatırladaq ki, Luis Suares 2024-cü ilin yanvar ayından “İnter Mayami”nin oyunçusudur. Bu müddət ərzində o, 50 oyun keçirib, 29 qol vurub və 18 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Bu mövsüm isə Suares MLS-də 7 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt”ın məlumatına görə, 38 yaşlı hücumçunun hazırkı bazar dəyəri 2,8 milyon avrodur.