Texnologiya “zerkalnı” nömrələri necə sıradan çıxarır? – Prestijdən nostaljiyə…


Məlum olduğu kimi, Azərbaycanda “zerkalnı” dediyimiz eynirəqəmli, cütrəqəmli və ya “güzgü effektli” mobil telefon nömrələr digər adi nömrələrlə müqayisədə olduqca baha qiymətə satılır.
Yeniavaz.com
xəbər verir ki, bu cür telefon nömrələrinin qiyməti bir çox hallarda minlərlə manat təşkil edir.
Qeyd edək ki, bəzi hallarda mobil nömrə “zerkalnı” olmsa belə, nömrənin qarşısındakı 3 rəqəmli mobil operator kodları (050, 055, 070 və s.), həmçinin nömrənin ilk 3 rəqəmi (210,211 və s.) qiymətlərin formalaşmasına ciddi təsir edir. Bu cür nömrələr adətən “prestijli nömrə” və ya “VIP nömrə” kimi təqdim olunur.
Məlumdur ki, yadda qalması asan olan “zerkalnı” nömrələr daha çox kommersiya məqsədi ilə alınır. Reklam psixologiyasına görə, insan beyni ritmik və təkrarlanan rəqəmləri daha tez mənimsəyir. Eyni zamanda bu cür nömrələr məhdud sayda olduğu üçün tələb yüksək olur. Belə nömrələr prestij və status göstəricisi hesab edildiyi üçün əsasən şirkətlər, varlı insanlar, ictimai şəxslər və status göstəricisinə önəm verən digər istifadəçilər tərəfindən seçilir.
Lakin onu da qeyd edək ki, son illər texnologiyanın sürətli inkişafı bu tendensiyaya ciddi təsir göstərməkdədir.
Əksər ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bu cür nömrələrin dəyəri tədricən azala bilər. Rabitə sahəsindəki yeniliklər nömrə anlayışını artıq yenidən formalaşdırır.
Azərbaycanda bir neçə mobil operator artıq “eSIM” texnologiyasına keçid edib. “eSIM” – cihazın özündə quraşdırılan və fiziki kart ehtiyacını aradan qaldıran rəqəmsal SIM-dir. Bu texnologiya vasitəsilə istifadəçilər bir neçə mobil operator profilini eyni cihazda idarə edə bilir. Həmçinin müxtəlif ölkələrdə tətbiq edilən virtual nömrələr də bu istiqamətdə alternativ rabitə vasitəsinə çevrilib.
Bundan başqa, müasir smartfonlar və rəqəmsal köməkçilər (“Siri”, “Google Assistant” və s.)  istifadəçilərə kontaktlar arasında axtarış və zəng funksiyasını avtomatik təqdim edir. Beləliklə, telefon nömrələrinin əzbərlənməsi artıq istifadəçi üçün vacib deyil. Bu isə qoşa nömrələrin əsas üstünlüyünü – yadda qalmaq qabiliyyətini – arxa plana keçirir.
Həmçinin, son illərdə istifadəçilər arasında ənənəvi zənglərin yerini “WhatsApp”, “Telegram”, “Signal” kimi mesencer tətbiqləri alıb. Müşahidələr və statistik göstəricilər onu deməyə əsas verir ki, bu cür tətbiqlər ənənəvi zəngləri tədricən arxa plana keçirir. Bu platformalarda əlaqə üçün artıq nömrə deyil, istifadəçi adı, link və ya QR kod kifayət edir. Bu isə əlavə bir rahatlıq və seçim sərbəstliyi deməkdir.
İqtisadi qanunlara əsasən, hər hansı məhsula olan tələbat azaldıqda onun bazar qiymətində də eniş müşahidə olunur. Rəqəmsallaşma prosesi dərinləşdikcə “zerkalnı” nömrələrə olan ehtiyac da azalacaq. Bu isə belə nömrələrin qiymətində tədricən ucuzlaşmaya gətirib çıxara bilər.
Hələlik “zerkalnı” nömrə tendensiyası tam şəkildə öz aktuallığını itirməyib. Lakin artıq ilk dəyişikliklər müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə mobil operatorların və istifadəçilərin bu yanaşması tamamilə dəyişə bilər. Beləliklə, bu gün dəyərli sayılan “zerkalnı” nömrələr, gələcəkdə sadəcə nostalji bir xatirəyə çevrilə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top