Suriyanın Dəra əyalətində dörd yaşayış məntəqəsi hökumət qüvvələrinin nəzarətinə keçib


Suriyanın təhlükəsizlik qüvvələri paytaxt Dəməşqin cənubunda yerləşən və keçid hökumətinə tabe olmayan silahlı qruplaşmaların qalası kimi tanınan Dəra əyalətində irəliləyiş əldə edib.
Yeniavaz.com
Suriya dövlət televiziyasının yaydığı məlumata istinadən xəbər verir ki, yerli qəbilə liderləri ilə əldə olunan razılaşma nəticəsində Mseifara, Sayda, El-Ciza və Es-Sahva yaşayış məntəqələri hökumət qüvvələrinin nəzarətinə keçib.
Bölgədəki yaraqlılar silahlarını könüllü şəkildə hakimiyyət orqanlarına təhvil veriblər. Hazırda bu ərazilərdə təhlükəsizlik qüvvələri tərəfindən tam nəzarət həyata keçirilir.
Təhlükəsizlik qüvvələri həmçinin Bosra əş-Şam şəhərində də asayişi bərpa edib. Bu şəhərdə son günlər bir sıra məhəllələrdə atışmalar baş verib və komendant saatı tətbiq olunub. Dəra əyalətinin qubernatoru Ənvər əl-Zubi bildirib ki, toqquşmalarda iştirak edən şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriləcək.
Qeyd edək ki, aprelin 8-də Dəra əyalətinə bağlı Yadudiya kəndində Azad Suriya Ordusunun keçmiş komandiri Məhəmməd Xalid əl-Xatib naməlum silahlılar tərəfindən güllələnib. Əl-Xatib, 2018-ci ildə yaradılan və bölgədə təhlükəsizliyə nəzarət edən hərbi komitənin üzvü olub.
Son günlərdə Suriyanın cənubunda baş verən toqquşmalarda 15 nəfər həlak olub, 24 nəfər isə yaralanıb. Təhlükəsizlik qüvvələri bölgədə sabitliyin tam bərpası üçün əməliyyatları davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top