
ABŞ-nin Filadelfiya şəhərindəki Templ Universitetinin kampusunda “40 meyvə ağacı” adlandırılan ağac əkilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Popular Science” nəşri məlumat yayıb.
Məlumata görə, tədqiqatçılar gələcəkdə ağacın ərik, albalı, şaftalı, gavalı və digər çəyirdəkli meyvələr də daxil olmaqla 40 növ meyvə verəcəyini gözləyirlər.
Alimlərin fikrincə, “40 meyvə ağacı” kənd təsərrüfatı və incəsənətin qarşılıqlı təsirinin heyrətamiz nümunəsidir.
Ağac ağac peyvəndi və onun tarixi kökləri ilə maraqlanan müasir rəssam Sem Van Aken tərəfindən ərsəyə gətirilib.
Növbəti iki il ərzində bu ağac sayəsində tələbələr bağçılıq və incəsənətin vəhdəti haqqında daha çox məlumat almaq imkanı əldə edəcəklər.
Tələbələr həmçinin, Filadelfiyadakı meyvələrin mədəni tarixi haqqında da məlumat əldə etmək imkanına malik olacaqlar.