
“Google” korporasiyası sinxron tərcümə funksiyasına malik ağıllı eynəklərin prototipini nümayiş etdirib.
Yeniavaz.com xəbər verir ki, qurğu əlavə və virtual reallığa malik daşına bilən cihazlarla məşğul olan “Android XR” bölməsinin rəhbəri Şəhram İzadi tərəfindən təqdim edilib.
Cihaz Kanadanın Vankuver şəhərində keçirilən TED 2025 konfransında nümayiş etdirilib.
İzadinin sözlərinə görə, yeni qadcet linzalı və tünd çərçivəli adi eynəklərə bənzəyir. Bununla belə, qurğu kameraya, iki kiçik displeyə malikdir və həmsöhbətin xarici nitqini real vaxt rejimində tərcümə etmək qabiliyyətinə malikdir. “Google” nümayəndəsi bildirib ki, eynəklər sinxron tərcümə funksiyalarını yerinə yetirərək, istifadəçinin dilində mətni öz ekranlarında göstərə bilir.
Şəhram İzadi onu da qeyd edib ki, cihaz tam immersion effekti yaradaraq, 360 dərəcə videoları əks etdirə bilir.
“Google” cihazın buraxılış tarixini və qiymətini açıqlamayıb. Amerika şirkətinin ilk smart eynəkləri “Google Glass” idi, qadcetin kütləvi təqdimatı 2014-cü ildə baş tutub. 2022-ci ilin mayında İT nəhəngi daxili tərcüməçi ilə eynək nümayiş etdirib.