
Türkiyənin valyuta ehtiyatlarında son bir ay ərzində ciddi azalma qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Mərkəzi Bankının (TCMB) bu gün açıqladığı son statistik hesabatda yer alıb.
Bildirilir ki, 28 mart-4 aprel tarixləri arasında ölkənin rəsmi beynəlxalq ehtiyatları 2 milyard 250 milyon dollar və ya 1,4% azalaraq 154 milyard 261 milyon dollara enib.
Hesabata əsasən, eyni dövrdə valyuta ehtiyatları 1 milyard 843 milyon dollar və ya 3,9% azalaraq 70 milyard 268 milyon dollara düşüb. Digər tərəfdən, qızıl ehtiyatlarında artım müşahidə olunub – 520 milyon dollar və ya 0,7% artımla ehtiyatlar 76 milyard 422 milyon dollara yüksəlib.
IMF çərçivəsində istifadə edilə bilən ehtiyatlar (IMF Rezerv Pozisiyası və SDR birlikdə) isə 73 milyon dollar və ya 1% artaraq 7 milyard 571 milyon dollara çatıb.
Ən diqqətçəkən məqam isə martın 7-dən bu günə qədər olan müddətdə baş verib. Həmin tarixdən etibarən, yəni təxminən son bir ay ərzində Türkiyənin valyuta ehtiyatları 20 milyard 22 milyon dollar azalıb. Mütəxəssislər bu azalmanı martın 19-da İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsi ilə əlaqələndirir. Sözügedən hadisədən sonra maliyyə bazarlarında qeyri-sabitlik müşahidə olunub və milli valyuta – lirə dollar qarşısında ciddi dəyər itirib.
Milli valyutanın dəyər itkisinin qarşısını almaq məqsədilə Türkiyə Mərkəzi Bankı bazara daha çox valyuta çıxararaq müdaxilə etmək məcburiyyətində qalıb. Bu da valyuta ehtiyatlarının sürətlə əriməsinə səbəb olub.
Elnur Əli