
ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrə idxal tariflərini 90 gün müddətinə dayandırdığını açıqlamasından sonra Avropada fond bazarlarında güclü artım qeydə alınıb.
Yeniavaz.com “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu artım son beş ilin ən yüksək göstəricisi kimi qiymətləndirilir.
Avropanın ən əhəmiyyətli indeksi olan “STOXX Europe 600” 5,5% yüksələrək 495,87 bəndə çatıb. Aprelin 10-da səhər saatlarında isə bu indeks 6%-ə qədər artıb. Bütün sahələr üzrə müsbət dinamika müşahidə olunub. Bank sektoru və mədən sənayesi xüsusilə fərqlənib. Fransa birjasının “CAC 40” indeksi 6%, Almaniyanın “DAX” indeksi isə 7% yüksəlib.
Əgər bu artım günün sonuna qədər davam edərsə, o zaman Avropa bazarları mart ayında yaşanan ciddi enişin təxminən yarısını bərpa edə bilər. Qeyd edək ki, “Stoxx 600” indeksi 2025-ci ilin əvvəlindən bu günə qədər 2%-ə yaxın dəyər itirib.
Xatırladaq ki, Tramp aprelin 2-də Avropa İttifaqına 20% rüsum tətbiq edib. Aİ də buna cavab olaraq, 21 milyard avro dəyərində ABŞ məhsullarına tariflər tətbiq etməyə qərar verib.
Lakin aprelin 9-da Tramp bəyan edib ki, ABŞ-a qarşı cavab tədbiri görməyən bir sıra ölkələr üçün tariflər 90 gün müddətinə dayandırılır. Hansı ölkələrin bu siyahıya daxil olduğunu açıqlamayan Tramp, 75-dən çox ölkənin tariflərlə bağlı danışıqlara başlamaq istədiyini qeyd edib. Bu fasilə dövründə həmin ölkələr üçün 10%-lik baza dərəcəsi tətbiq olunacaq.
Eyni zamanda, Tramp Çindən idxal olunan mallara tətbiq edilən tarifləri 125%-ə qaldırıb. Bu qərar birjalar üçün müəyyən rahatlama yaratsa da, bazarda qeyri-müəyyənlik və dalğalanma riski hələ də qalmaqdadır.
Elnur Əli