YAP 31 milyon, REAL isə 12 manat üzvlük haqqı toplayıb – Partiyaların maliyyə hesabatı


Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar illik maliyyə hesabatlarını növbəti ilin mart ayının 31-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidirlər.
Yeniavaz.com
xəbər verir ki, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i maliyyə hesabatlarını vaxtında MSK-ya təqdim ediblər.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) isə maliyyə hesabatını aprelin 3-də təqdim edib.
Məlumat üçün bildirək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra 67 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. 2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul olunub. Bundan əlavə, bu günə qədər 2 siyasi partiyanın – Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv edilib.
2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə, siyasi partiyaların 5 min üzvü olmalıdır. Yeni qanunun qüvvəyə minməsindən sonra – 2023-cü ildə 33 siyasi partiya öz fəaliyyətini dayandırdığını açıqlayıb.
Hazırda fəaliyyət göstərən 26 siyasi partiyadan 11-i (cədvəldə yaşıl fonda işarələnib) Milli Məclisdə təmsil olunduqları üçün onlara dövlət büdcəsindən maliyyə ayrılıb. Bundan başqa, son parlament seçkilərində iştirak etdikləri üçün daha 7 siyasi partiya da (mavi fon) dövlət büdcəsindən kiçik məbləğdə maliyyə alıb. 6 siyasi partiyanın isə (sarı fon) 2024-cü il ərzində heç bir maliyyə fəaliyyəti olmayıb.
Bir siyasi partiya – Vəhdət Partiyası sonuncu seçkilərdə parlamentə düşə bilməsə də, 2020–2024-cü illərdə Milli Məclisdə təmsil olunduğu üçün ötən ilin sentyabr ayına kimi olan dövr üçün büdcədən maliyyə ala bilib. Daha bir siyasi partiya – Haqq Ədalət Partiyası (ağ fon) büdcədən maliyyə almasa da, 1 045 manat üzvlük haqqı toplayıb.
26 siyasi partiyadan yalnız 7-i – Azərbaycan Milli İstiqlal Partiyası, Müsavat Partiyası, Yeni Azərbaycan Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Respublikaçı Alternativ (REAL) Partiyası və Haqq Ədalət Partiyası üzvlük haqqı toplayıb.
Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası toplayıb – 29 milyon 674 min 281 manat. Ən az üzvlük haqqını isə REAL Partiyası toplayıb – cəmi 12 manat.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top