
“Ukrayna hakimiyyəti Rusiya tərəfində müharibədə iştirak edən azı 155 çinlidən xəbərdardır”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
““Çin” sualı ciddidir. Soyadı və pasport məlumatları ilə 155 nəfər var - 155 Çin vətəndaşı Ukrayna ərazisində ukraynalılara qarşı döyüşür. Biz məlumat toplayırıq, hesab edirik ki, onların sayı daha çoxdur, daha çox”, - UNIAN Zelenskidən sitat gətirir.
Prezidentin sözlərinə görə, Rusiyanın öz ordusuna çinliləri necə cəlb etdiyi məlumdur:
“Sxemlərdən biri sosial şəbəkələr, xüsusən də “TikTok” və digər Çin sosial şəbəkələri vasitəsilə rusların reklam videoları yaymasıdır. Rəsmi Pekin bundan xəbərdardır. Ruslar Çin sosial şəbəkələri vasitəsilə işə qəbulla bağlı elanlar yayırlar. Müharibəyə aşkar çağırış vacibdir. Ola bilsin ki, gizlisi də var”.
Ukrayna prezidenti bildirib ki, işə götürülən çinlilər Moskvaya gəlir, üç-dörd gün tibbi müayinədən keçir, sonra isə bir-iki ay müddətinə təlim mərkəzlərinə göndərilir.