Pentaqon kosmosa silah yerləşdirməyi təklif edir


Pentaqonun Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq kosmosa silah yerləşdirməyi təklif edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Defence One” portalı məlumat yayıb.
“Biz açıq şəkildə deyə bilərik ki, kosmosda silah sistemlərinə ehtiyacımız var. Bizə orbital silahlar lazımdır. Biz bu silahlarla kosmosdakı münaqişələrin qarşısını ala və ya belə münaqişələr baş verdiyi təqdirdə uğur qazana bilərik”, - Uaytinq bildirib.
Uaytinqin fikrincə, ABŞ əsas diqqətini “Dəmir Qübbə” raketdən müdafiə sisteminə kosmos komponentlərinin yerləşdirilməsinə yönəltməlidir.
“Silahların kosmosda istifadəsi əvvəllər ağlasığmaz hesab olunurdu, lakin indi kosmosa əsaslanan qurğular bizim qələbəmizin əsas komponentidir. ABŞ Kosmik Qüvvələri bu sahədə Çinin texnoloji tərəqqisini izləmək üçün innovativ sistemləri qəbul etməlidir”, - deyə general bildirib.
O, xüsusilə, dinamik kosmik əməliyyatların potensial həyata keçirilməsi üçün orbital yanacaqdoldurma və peyk təmiri sistemlərinin hazırlanmasının vacibliyini vurğulayıb.
General onu da bildirib ki, Pentaqon Müdafiə Nazirliyinin ehtiyacları ilə bağlı kosmik texnologiyaların hazırlanması üçün 15 ay ərzində 10 şirkətə 2 milyon dollar ayıracaq.
“Biz bu sahədə ən perspektivli texnologiyalara sərmayə qoymağa davam edəcəyik”, - Uaytinq bildirib.

DİGƏR XƏBƏRLƏR

Top