
Amerikanın texnologiya nəhəngi “Apple” son dörd ticarət sessiyasında səhmlərinin qiyməti 23% ucuzlaşdığı üçün dünyanın ən bahalı şirkəti statusunu itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, beləliklə şirkət öz yerini başqa bir texnologiya nəhəngi “Microsoft”a verib.
Belə ki, aprelin 8-ə olan məlumata görə, “Microsoft”un qiyməti 2,64. “Apple”ın qiyməti isə 2,59 trilyon dollar təşkil edib.
Siyahıda ilk üçlüyü çip istehsalçısı “Nvidia” şirkəti tamamlayıb.
ABŞ Prezidenti Donald Trampın idxal olunan mallara rüsum tətbiq etməsindən əvvəl isə hər üç şirkətin kapitallaşması 3 trilyon dollarda çox olub.
Eyni zamanda, CNBC bildirib ki, “Apple” Çinlə sıx ticarət əlaqələri olduğu üçün digər Amerika şirkətləri ilə müqayisədə ABŞ hökumətinin tarif siyasətindən daha çox zərbə alıb.
Belə ki, “Yahoo Finance”in məlumatına görə, “Nasdaq” elektron birjasında hərracların bağlanışında (Bakı vaxtı ilə saat 24:00) “Apple” səhmlərinin qiyməti hər səhm üçün 172,42 dollar təşkil edib. Əvvəlki ticarət sessiyaları ilə müqayisədə isə şirkət səhm qiymətlərində 4,98% ucuzlaşma yaşayıb.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. 10 faizlik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minəcək.