
Çempionlar Liqasında 1/4 finalın ilk oyunları keçirilib.
Yeniavaz.com xəbər verir ki, “Arsenal” Londonda sonuncu çempion “Real Madrid”i darmadağın edib.
Mikel Artetanın rəhbərlik etdiyi komandanın heyətində ingilis yarımmüdafiəçi Deklan Rays dubl edib. O, qolların hər ikisini cərimə zərbəsindən vurub. Rays həmçinin ÇL-nin bu mərhələsində bir oyunda cərimə zərbəsindən iki qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Sonuncu qolu ispaniyalı yarımmüdafiəçi Mikel Merino vurub və meydan sahibləri görüşü 3:0 hesablı qələbə ilə başa vurublar.
Gecənin digər qarşılaşmasında isə İtaliya çempionu “İnter” Münhendə Bundesliqanın hazırkı lideri “Bavariya”nı məğlub etməyi bacarıb – 1:2.
Simone İnzaqinin rəhbərlik etdiyi komandanın argentinalı hücumçusu Lautaro Martinez 38-ci dəqiqədə hesabı açıb. 85-ci dəqiqədə “Bavariya”nın alman hücumçu Tomas Müller topu qapıdan keçirib və hesabı bərabərləşdirib. Qonaqların qələbə qolunu isə 88-ci dəqiqədə italiyalı yarımmüdafiəçi David Fratesi vurub.
Qeyd edək ki, cavab görüşləri aprelin 16-da baş tutacaq.