
“Yeni pandemiya nəzəri risk deyil, epidemioloji əminlikdir”.
Yeniavaz.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus pandemiyanın qarşısının alınmasına dair saziş hazırlayan Hökumətlərarası Danışıqlar Orqanının 13-cü sessiyasının açılışında çıxışı zamanı deyib.
Çıxışı zamanı o, COVID-19-un ağır nəticələrini xatırladıb və növbəti pandemiyanın çox gözləməyəcəyini vurğulayıb.
Qebreyesus, yeni bir pandemiyanın 20 ildən sonra, yaxud da sabah baş verə biləcəyi ilə bağlı proqnozunu təkrarlayıb:
“Bunun baş verəcəyinə əminəm. Bəşəriyyət buna hazır olmalıdır.
Pandemiya sazişi ilə bağlı danışıqlarda konsensus əldə edilə bilər və belə bir müqavilə ÜST-yə üzv olan heç bir dövlətin heç bir halda suverenliyinə xələl gətirməyəcək, yalnız milli suverenliyi və beynəlxalq fəaliyyəti gücləndirəcək. Yeni sazişin üç əsas faydası var: o, daha ədalətli qlobal reaksiyanı təmin edəcək, milli səhiyyə sistemlərinin qorunmasına kömək edəcək və pandemiya zamanı Üzv Dövlətlər arasında əməkdaşlığı gücləndirəcək”.