
Ukrayna hərbçiləri Rusiya tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, Çin vətəndaşları Donetsk vilayəti ərazisində əsir götürülüb.
Prezidentin sözlərinə görə, əsirlərdən vətəndaşlıqlarını təsdiq edən sənədlər, bank kartları və digər şəxsi məlumatlar götürülüb.
“Bizim məlumatımız var ki, Rusiya bölmələrində ikidən çox belə Çin vətəndaşı var. Hazırda bütün faktları dəqiqləşdiririk. Kəşfiyyat, Təhlükəsizlik Xidməti və Silahlı Qüvvələrin müvafiq bölmələri işləyir”, - Zelenski qeyd edib.
Dövlət başçısı Ukraynanın xarici işlər nazirinə bu insidentlə bağlı Çinin mövqeyini aydınlaşdırmaq üçün təcili olaraq rəsmi Pekinlə əlaqə saxlamağı tapşırıb.
Hazırda əsir götürülən Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətinin nəzarətindədirlər, orada müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.