“Mən Allaha inanmıram sözü işlətməmişəm”


“Bir necə gün öncə Müsavat TV-nin efirində müsahibədə olarkən aparıcının dinlə bağlı verdiyi suala cavabım bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Mən Allaha inanmıram sözü işlətməmişəm, “bəzi dindarlara inanmıram” demişəm ki, bu da bütün dindarlara şamil olunmur”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.
O bildirib ki, burada söhbət dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi “dindar”lardan gedir:
“Dünyada cərəyan edən islam adı altında, din adı altında terror qruplarını təşkil edən və eyni zamanda Azərbaycan dövlətinin təməlini, din pərdəsi altında baltalayan, din çadrasına bürünmüş dövlətçiliyimizin, xalqımızın bugünkü firavan həyatımızın müxalifi olan ünsürlər haqqında fikir bildirmək istəmişəm. Sadəcə izahatım bir az doğru olmayıb, fikrimi tam çatdıra bilməmişəm. Sözüm xaricdən maliyyələşərək məqsədli şəkildə xalqımızın mentalitetinə və dini dəyərlərimizə zidd fəaliyyət göstərən bəzi “dindarlar”a idi.
Sirr deyil ki, dini radikalizm müasir dövrümüzün ən çox narahatlıq doğuran əsas problemlərdən biridir. 20-ci əsrin sonlarından başlayaraq, istər islami dini cərəyanlar arasında, istərsə də qeyri-islami dinlərdə radikallaşma meyilləri çoxluq təşkil edir. Baxın din uğrunda aparılan müharibələr, yaxud din pərdəsi altında həyata keçirilən işğalçılıq siyasəti də dini radikalizmin bir nümunəsidir. Dövrümüzdə dini radikalizm məzhəblər və dinlərarası dözümsüzlük, zorakılıq və dini motivlərlə törədilən terror aktları nəzərəçarpacaq dərəcədə artıb. Təəssüflər olsun ki, son illərdə islam radikalizmi kəskin yüksəlib və mən bundan qorxuram demək istəmişəm. Bunların hamısını efirdə saya bilmədim, bir kəlmə dedim ki, “Allaha inanıram, sadəcə dindarlardan qorxuram”.
İ.Axundov əlavə edib ki, heç vaxt dinin, dini dəyərlərin əleyhinə olmayıb:
“Mənim adım, soyadım, ata adım, övladlarımın adı hamısı dinə bağlı olan adlardır. Dinin əleyhinə olsaydım, övladıma dini ad verərdimmi heç? Bu, sadəcə, mənim fikrimi tam olaraq çatdıra bilmədiyimdən irəli gələn bir nüans olub. Əsla və əsla dinə qarışı deyiləm, olmaram da...”
Xatıladaq ki, Şərurlu İsfəndiyarın bir neçə gün əvvəl dilə gətirdiyi “Mənə imkan versələr, məscidləri söküb yerində məktəb tikərdim” fikri cəmiyyətdə müzakirələrə səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top