Hər kəsin öz baxışı, hər suyun öz axışı...


1980-ci ildə Sovet imperiyası Əfqanıstanda işğalçılıq fəaliyyətini davam etdirirdi. Yerli xalq bütün gücünü səfərbər edib bu işğala qarşı mübarizə aparırdı. Həmin tarixdə, qızmar yay günündə Əfqanıstanda çox ibrətli bir hadisə yaşandı. Hadisə belə baş verdi: Əsgərlərdən biri günorta istidən daldalanmaq üçün avtomobilin kölgəsində oturdu və su qabını açıb bir qədər su içmək istədi. Su qabını ağzına aparmazdan əvvəl də öz adətinə uyğun “Bismillah” dedi və elə o anda başının üstündə əli silahlı əfqanların dayandığını gördü. Əfqanlar əl işarəsi ilə ona sakit olmağı bildirdilər və: “Səni o “Bismillah”a bağışlayırıq”, - deyib getdilər.
İndi o müsəlman əsgər hər yerdə bir “Bismillah”la ölümdən qurtulduğunu dilə gətirir və təkcə yeyib-içəndə deyil, hər işin başında Allahın adını zikr etməyin vacib olduğunu bildirir. Həqiqətən də, həmin o əsgər suyu ağzına aparmazdan əvvəl açıq səslə “Bismillah” deməsəydi, yəqin ki, aqibətinin necə olacağını təsəvvür etmək o qədər də çətin olmazdı. Mövzuya ona görə bu hadisə ilə başladıq ki, bir faydalı vərdişin bəzən bir həyatın qurtuluşuna səbəb olduğunu göstərə bilək.
Əslində, dünyanın dörd bir yanında tüğyan edən zərərli vərdişlərin hansı fəsadlara yol açdığını söyləməyə lüzum belə yoxdur. Bircə onu deyək ki, hazırda ölkəmizdəki həbsxanalarda cəza çəkən məhbusların əksər faizi zərərli vərdişlərin qurbanı olan şəxslərdir. İstər narkomaniya olsun, istərsə də alkoqolizm bütün bunlar o qədər dəhşətli vərdişlərdir ki, bu cür işlərə bulaşanların hamısının sonu birmənalı olaraq peşmanlıq, göz yaşları, ah-fəğandır. Ona görə də, ailələr öz övladlarına hələ kiçik yaşlarından nəzarət etməli, kiminlə oturub-durduğuna, nəyə maraq göstərdiyinə fikir verməlidirlər.
Həyatda özünə müxtəlif vərdişlər seçən və o vərdişləri gündəlik yaşayan insanlar var. Adam var səhər yuxudan oyanan kimi iki saatlıq gəzintiyə çıxır. Adam var Ramazan ayının hər günü sədəqə verir. Adam var axşam yatmazdan əvvəl bir stəkan süd içir... Hər kəsin özünə görə faydalı hesab etdiyi və hər gün təkrarladığı vərdişlər var.
Beş yaşlı Kərim də babası ilə gəzib dolaşmağı çox sevirdi. Sanki həyatı babadan öyrənmək istəyirdi. Baba bir şey edən kimi Kərimin sualları üst-üstə gəlirdi: “Onu niyə elə elədin?”, “Bunu niyə belə dedin”, “Dodağının altında nə oxudun?..” Sualları bitib tükənmək bilmirdi...
Yenə həyəti gəzib gəlmişdilər, hava xoş idi və baba evə girmək istəmirdi. Ona görə də, məhəccərin üstündəki balaca xalçanı alça ağacının altında sərdi və günorta namazını qılmağa başladı. Kərim də bir qədər kənarda balaca üzünü toppuş əllərinin arasına alıb babasına baxırdı. Baba da elə bil ki, bu baxışların ağırlığını öz üzərində hiss edir və daha həssas davranışlarla namazına davam edirdi. Namazı başa vurandan sonra baba üzünü yana çevirdi və xalçanın altına qoyduğu corabını geyməyə başladı. Bayaqdan bəri dinib danışmadığı üçün darıxan Kərim başa düşdü ki, artıq sual vermək olar:
- Baba, sən niyə həmişə namaz qılandan sonra üzünü yana çevirib corabını geyirsən? Elə corabını namaz qıldığın tərəfə geyə bilməzsən?
- Burada nə var ki, ay bala, necə istəyirsən, elə də geyin. İstəyir bu tərəfə, istəyir o tərəfə.
- Bəs onda sən niyə həmişə üzünü yana çevirib sonra geyinirsən?
Baba başa düşdü ki, yaman yerdə axşamlayıb, ona görə də, sözü uzatmadan içində sirr kimi tutduğu həqiqəti dedi:
- Gözümün işığı, üzü qibləyə tərəf corabını geyinmək günah deyil, amma mən namaz qıldığım tərəfə ayağımı uzadıb corab geyinməyi ədəbimə sığışdırmıram. Ona görə də, corabımı geyinəndə üzümü yan tərəfə çevirirəm. Amma haradan bilim ki, mənim bu çoxbilmiş balam tükü tükdən seçir.
Əlbəttə ki, bu, Kərimin babasının özü üçün qoyduğu bir ədəb qaydasıdır və üstəlik, hər kəsə də aid deyil. Yəni yük anlayanın boynuna düşür, anlamayan onsuz da əhəmiyyət vermir.
Sevimli Peyğəmbərimizin (s.ə.s.) bütün davranışları biz müsəlmanlar üçün örnəkdir. Allah (c.c.) Qurani-Kərimdə bizə Onun yolunu tutmağı, Ondan öyrənməyi, Ondan örnək almağı tövsiyə edir. Onun necə danışması da, necə davranması da, necə yemək yeməsi də, hətta necə yatması da bizim üçün örnəkdir. Müasir elm də sübut edir ki, bütün davranışların ən gözəl nümunəsi Sevimli Peyğəmbərimizin həyatındadır.
Onun yolunu tutmaq, hər sahədə, hər işdə Ona bənzəməyə çalışmaq, Onun kimi yaşamağa can atmaq insana ancaq gözəllik, fərəh, könül xoşluğu gətirər. Məsələn, Peyğəmbərimiz buyurur ki, suyu ayaq üstə deyil, oturaraq, həm də bir nəfəsə deyil, qurtum-qurtum içmək doğrudur. Çağdaş tibb elmi də bu sadə davranışın insan sağlamlığı üçün nə qədər mühüm bir amil olduğunu təsdiq edir…
Bəli, əziz oxucular, bu dünyada hər kəsin öz baxışı, hər suyun öz axışı var. Hər insan da həyatını bir cür qurur, hansısa adətlərlə, vərdişlərlə, qanunlarla yaşayır. Mühüm olan odur ki, sonunda peşmanlıq olmasın, yerdə qalan hər şeyi yoluna qoymaq olar. Vəssalam...

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top