İstehlakçı onlayn satılan məhsul haqqında niyə məlumat ala bilmir?


“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 13-cü maddəsinə əsasən, istehlakçılar aldıqları mal, iş və ya xidmət haqqında tam və dolğun məlumat almaq hüququna malikdirlər.
Yeniavaz.com
xəbər verir ki, bu məlumatlar malların keyfiyyəti, istehsalçısı, istehsal və istifadə müddəti, tərkibi və digər vacib xüsusiyyətlərini əhatə edir.
Qeyd edək ki, istehlakçılar bu məlumatları pərakəndə ticarət şəbəkələrində satılan məhsulların üzərində görə bilsələr də, əksər onlayn ticarət platformalarında satışa çıxarılan məhsulların üzərində bu məlumatları görə bilmirlər. Apardığımız araşdırma göstərir ki, belə hallar xüsusən də ərzaq məhsullarının satışında müşahidə olunur. Məsələn, istehlakçı məşhur onlayn çatdırılma xidmətlərindən biri olan “Volt” üzərindən ərzaq məhsulunu sifariş verən zaman o yalnız məhsulun adını və fotosunu görə bilir. Bəzi hallarda isə satıcılar məhsulun fotosunu belə platformaya yerləşdirmirlər. İstehlakçı məhsul haqqında açıqlanması vacib olan digər məlumatları (istehsal tarixi, istehsalçı, tərkibi və s.) görə bilmir.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, istehlakçıların məhsul haqqında tam, dolğun məlumat almaq hüququ var. AİB sədri deyir ki, 1995-ci ildə qəbul edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda bu günə kimi ciddi dəyişikliklər olmayıb:
“Qanun qəbul edilən zaman onlayn ticarət olmayıb. Lakin onlayn ticarət meydana çıxdıqdan sonra da qanunda zəruri dəyişikliklər edilməyib. Cənab Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini İqtisadiyyat Nazirliyinin tərkibindən çıxararaq Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıb. Hətta 2 ay əvvəl Elnur Bağırov da Agentliyə sədr təyin edilib. Amma bu 2 ay ərzində nə Agentliyin fəaliyyətində dəyişiklik olub, nə də qanunvericiliyə əlavələrin edilməsi təşəbüsü göstərilib. Agentliyə göndərilən şikayətlər də əvvəlki qaydada orda itib-batır”.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top