Çin də ABŞ məhsullarına 34% rüsum tətbiq edəcək


Aprelin 10-dan etibarən Çin hakimiyyəti ABŞ-dən idxal edilən bütün məhsullara 34% əlavə rüsum tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tarif Komissiyası məlumat yayıb.
Məlumata görə, bu addım ABŞ Prezidenti Donald Trampın tarif siyasətinə cavab olaraq atılıb.
“ABŞ-nin hərəkətləri beynəlxalq ticarət qaydalarına uyğun gəlmir, Çinin qanuni hüquq və maraqlarına ciddi zərbə vurur və birtərəfli zorakılığın tipik nümunəsidir”, - komissiyadan bildirilib.
Komissiyadan həmçinin aydınlıq gətirilib ki, tariflər cari rüsumlara əlavə olaraq tətbiq ediləcək.
Qeyd edək ki, 2024-cü ildə Çin və ABŞ arasında ticarət dövriyyəsi 688,28 milyard dollara çatıb.
Eyni zamanda, ABŞ-dən Çinə tədarük 163,62 milyard dollar təşkil edib ki, bu da Çindən ABŞ-yə ixracdan təxminən üç dəfə azdır.
Çin ABŞ-dən kənd təsərrüfatı məhsulları, mikroçiplər, mühəndis avadanlıqları, karbohidrogenlər və metallar idxal edir. ABŞ isə Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məmulatlar, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və s. alır.
Qeyd edək ki, aprelin 2-də Tramp idxal olunan mallara minimum 10% tarif tətbiq edib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi tariflər müəyyən edib. O cümlədən, Tramp idxal olunan Çin mallarına 34% rüsum tərbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top