
“Hazırda Türkiyədəyəm. Bakıya qayıtmaq istəyəndə bir qədər sıxlıq oldu, təyyarə bileti tapmadım, ona görə gəlib çata bilmədim. İndi çıxıb gəlirəm”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Unikal”a açıqlama verib.
Allahşükür Paşazadə bildirib ki, onun səhhətində heç bir problem yoxdur:
“Artıq 76 yaşım var. Yaşla əlaqədar hər kəsin səhhətində problem yarana bilər. Hər şey ola bilər. Buna baxmayaraq, mənim səhhətimdə heç bir problem yaranmayıb”.
Şeyxülislam Türkiyəyə səfərinin səbəbini açıqlamaq istəməyib:
“Bu, mənim şəxsi işimdir. Hər şeyin səbəbini açıqlamaq məcburiyyətində deyiləm”.
***13:26
Məlum olduğu kimi, bu gün Ramazan bayramı namazı qılınıb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə əvvəlki illərdən fərqli olaraq builki bayram namazında iştirak etməyib.
Yeniavaz.com xəbər verir ki, “Teleqraf”ın mənbələrdən əldə etdiyi məlumata görə, buna səbəb A.Paşazadənin səhhətində problemlər yaranmasıdır.
Bildirilib ki, hazırda QMİ sədri onurğa sütununda yaranan ağrılardan əziyyət çəkir:
“Belə bir vəziyyət onun hərəkət qabiliyyətinin qismən məhdudlaşmasına səbəb olub. Buna görə də, dini lider bayram namazına qatıla bilməyib”.
Qeyd edək ki, Əjdərbəy məscidində bayram namazı QMİ sədrinin birinci müavini müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb. Təzəpir məscidində isə bayram namazına adıçəkilən ibadət ocağının imamı Hacı Faiz Nağızadə rəhbərlik edib.