Evi başına uçurulan vətəndaş şirkətdən 2 milyon istəyib?


“Melissa Group” tikinti şirkətinə daxil olan “FEBA” MTK-nın nümayəndəsi Yasamal rayonunda rəsmi icazəsi olmadan evini uçurduqları Həbib Hacıyevə 651 min manat pul təklif etdiklərini, vətəndaşın isə 2 milyon civarında pul tələb etdiyini bildirib.
Bəs görəsən, bu iddia həqiqəti əks etdirir?
Yeniavaz.com
xəbər verir ki, şirkətin qanunsuz dağıtdığı evin sahibəsi Elarə Hacıyeva məsələ ilə bağlı Oxu.az-a danışıb.
O bildirib ki, 2 milyon manat iddiası tamamilə yalandır:
“Ümumiyyətlə, bizimlə danışığa gəlməyiblər. Bilərəkdən, qərəzli şəkildə yalan danışırlar. 651 min manat təklif etmələri də yalandır. Sadəcə, bildiriş məktubu vasitəsilə 173 min manat təklif olunub”.
Xatırladaq ki, Bakı şəhəri Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparılması ilə bağlı görüntülər yayılıb və kadrlar sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Bildirilib ki, aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb.
Söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı, ekskavator sürücüsü və “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top