
Litvada yerləşdirilən 4 amerikalı əsgər itkin düşüb. Onların avtomobili batmış vəziyyətdə tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-nin Avropa və Afrikadakı Ordu Komandanlığı məlumat yayıb.
Bildirilib ki, M88 Hercules zirehli xilasetmə maşını təlim meydançasında su anbarında batmış vəziyyətdə tapılıb. Hərbçilərin axtarışları davam edir.
Komandanlıq bildirir ki, itkin düşən hərbçilər (hər dördü 3-cü Piyada Diviziyasının 1-ci Briqadasından) adi taktiki təlim keçirib. Axtarışda ABŞ ordusunun, Litva Silahlı Qüvvələrinin və mülki strukturların hərbçiləri iştirak edir.
ABŞ-nin müdafiə naziri Pit Heqset deyib ki, Amerika əsgərləri tapılana qədər hərbçilər dayanmayacaq.
Qeyd edək ki, hadisə ölkənin şərqində, Belarusla sərhəddən bir neçə kilometr aralıda yerləşən Pabrade poliqonunda baş verib. NATO-nun baş katibi Mark Rutte Varşavada jurnalistlərə bildirib ki, əsgərlər həlak olub, lakin məlumat təsdiqini tapmayıb. Litvanın müdafiə naziri Dovile Şakaliene heç bir cəsədin tapılmadığını bildirib. Axtarış əməliyyatının davam etdirildiyini Litva Prezidenti Gitanas Nauseda da təsdiqləyib.